REGİONLAR
Biləsuvarlı pambıqçılar bu il sahələrdən 14 min tona yaxın məhsul götürməyi planlaşdırırlar
Biləsuvar, 20 sentyabr, Mahir Babayev, AZƏRTAC
Regionlarda qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər Biləsuvar rayonunda da öz bəhrəsini verməkdədir. Biləsuvar həmişə respublikamızın aparıcı aqrar rayonlarından biri olmuş, pambıqçılıq ənənələrinin inkişafına görə tanınmışdır.
AZƏRTAC xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətində sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı ilə bağlı keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib.
Müşavirədə rayon rəhbərliyi, fermerlər, pambıq istehsalçıları, təsərrüfat rəhbərləri, bələdiyyə sədrləri və kənd inzibati ərazi nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illərdə rayonda pambıq istehsalı ən yüksək səviyyəyə çatmış, bu ənənəvi sahə Biləsuvarda geniş yayılmışdı. Pambıqçılığın inkişafını daim diqqətdə saxlayan Ulu Öndər dəfələrlə rayonda olmuş və əmək adamları ilə pambıq tarlalarında görüşmüşdür. Həmin illərdə Biləsuvarda 14 min hektar sahədə pambıq əkilib, hər il 35-40 min ton pambıq istehsal olunub.
İcra hakimiyyətinin başçısı vurğulayıb ki, tənəzzülə uğrayan bu sahənin dirçəldilməsi üçün pambıq əkininə əlavə subsidiyanın ayrılması, pambığın qiymətinin artırılması, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət dəstəyinin verilməsi, fermerlərin və emal müəssisələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı kömək göstərilməsi rayonda pambıqçılığa marağı daha da artırıb. Bunun nəticəsidir ki, cari ildə Biləsuvarda 6040 hektar sahədə pambıq əkilib və pambıqçılar həmin sahələrdən 14 min tona yaxın məhsul götürmək üçün bütün qüvvələri səfərbər ediblər.
Mahir Quliyev bildirib ki, 2017-ci ildə rayonda 10 min 5 hektar sahədə pambıq əkini aparılması üçün hazırlıq işləri görülür.
Müşavirədə fermerlər, təsərrüfat rəhbərləri, məhsul istehsalçıları, icra nümayəndələri çıxış edərək görülən işlərdən danışıb, əkin zamanı yaranan çətinliklərin həlli yollarını müzakirə ediblər.
Vurğulanıb ki, bir neçə gündür sahələrdə kütləvi məhsul yığımına başlanılıb və pambıqçılar qısa müddətdə sahələrdən 200 tondan çox məhsul toplayıblar. Məhsulun tez və itkisiz yığılması üçün müxtəlif kənd təsərrüfatı texnikaları sahələrə çıxarılıb.