REGİONLAR
Biləsuvarlı pambıqçılar səpində intensiv texnologiyaların tətbiqinə üstünlük verirlər VİDEO
Biləsuvar, 29 aprel, İsmayıl Cəfərli, AZƏRTAC
“Ağ qızıl”ın keçmiş şöhrətini özünə qaytaran biləsuvarlı pambıq ustaları son iki ildə pambıqçılıqda intensiv texnologiyaların tətbiqinə üstünlük verirlər. Aprel ayından əkinə başlayan pambıqçılar bu günədək 4000 hektardan artıq sahədə çiyid səpini həyata keçiriblər. Əkinin 1000 hektardan çoxu sahələrə “tirə” üsulu ilə tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, rayonun bütün kəndlərində çiyid səpininin qızğın çağıdır. İstehsalçılar səpin mövsümü başlayandan bu günədək 3500 hektardan çox sahədə səpin həyata keçiriblər. Bu il rayonda 929 istehsalçı ilə 3 tədarükçü şirkət arasında 6966 hektar sahədə pambıq əkini üçün müqavilə bağlanıb. Müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Rayonun təcrübəli fermerləri sayəsində pambıqçılıqda əsasən intensiv texnologiyaların tətbiqinə üstünlük verilir. Belə ki, əsas diqqət suya tələbatı nəzərə almaqla, daha az sahədə daha çox məhsul götürməyə yönəlib. Builki əkinin də 1200 hektara yaxını sahələrə “tirə” üsulu ilə tətbiq edilib.
Biləsuvar DAİM-in mütəxəssisi Gülağa Qurbanovla söhbət zamanı bildirib ki, pambıqçılıq Biləsuvar rayonunda iqtisadiyyatın əsas sahələrindən biridir. Ona görə bu sahəyə xüsusi önəm verilir. “Mərkəz olaraq daim fermerlərin yanındayıq. Təbliğat-təşviqat işini aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılması üzərində qurmuşuq. Çiyid səpinində əsas vacib aqrotexniki tədbirlərdən biri də torpağın səpinqabağı hazırlanmasıdır. Torpaq yaxşı səpinə hazırlandıqda toxum optimal dərinliyə düşür və bu da çıxışın normal, eyni vaxtda alınmasına səbəb olur. Bu isə gələcək məhsuldarlığın formalaşmasında böyük rol oynayır. Monitorinqlər aparmışıq. Aqrotexniki qaydalara düzgün əməl olunub. Bu gün dünyada pambığın “tirə” üsulu ilə əkini geniş yayılıb. Rayonumuzda da bir ildir ki, bu üsulu tətbiq edirik. Bu il ümumi əkinin 30 faizindən çoxu “tirə” üsulu ilə əkiləcək. Bu günə qədər 930 hektar sahədə çiyid səpini aparılıb”, - deyə G.Qurbanov əlavə edib.
Pambıq əkən fermerlər də onlara yaradılan şəraitdən məmnundurlar. Dövlətin hər kiloqram pambıq üçün ödədiyi subsidiyalar təsərrüfat sahiblərini daha da ruhlandırır.
Onlardan biri də fermer Mürvət Qurbanovdur: “Bu gün 5 hektar sahədə səpin aparacağam. Lakin müqavilə üzrə əkin sahəm 13 hektardır. İlk dəfədir səpini “tirə” üsulu ilə aparıram. Bu üsulun üstün cəhəti ondadır ki, su itkisinin qarşısını alır, çıxışı tezləşdirir. Amafos gübrəsindən də istifadə edirik. Ötən il pambıq sahəmdə 40 sentner məhsuldarlıq olub, bu il isə bu rəqəmi 50 sentnerə çatdırmaq əzmindəyəm”.
Digər fermer Gülhəsən Teymurov isə deyib ki, o da “tirə” üsulu ilə əkin aparır. Səpin prosesi mütəxəssislərin iştirakı ilə həyata keçirilir. “Türkiyədən gətirilən “BA-440” sortundan olan çiyid əkirik, yüksək məhsuldar sortdur. Ötən il 30 sentner məhsul götürmüşdüm, bu il daha yüksək məhsuldarlıq gözləyirəm”, - deyə o bildirib.
Rayonda hər gün 450-500 hektar sahədə çiyid səpini aparılır.