İQTİSADİYYAT
Bilgəh-Novxanı-Sumqayıt yolunun tikintisi sürətlə davam edir VİDEO
Bakı, 21 iyul (AZƏRTAC). Bilgəh-Novxanı-Sumqayıt istiqamətində inşa olunan yeni yol Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək.
“Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AZƏRTAC-a bildirib ki, ümumi uzunluğu 42 kilometr olacaq Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun 16,5 kilometrlik hissəsində tikinti başa çatdırılıb.
Yolun 16,5-22-ci kilometrliyində 4 körpüdən 3-nün tikintisi yekunlaşıb. Həmçinin 28-ci kilometrdən 37-ci kilometrədək olan hissədə 2 körpünün və mal-qara keçidinin inşası başa çatmaq üzrədir. Yaxın günlərdə yola asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Yolun həmin hissələrində işlərin 2015-ci ildə tamamlanması nəzərdə tutulur.
Layihənin həyata keçirilməsində məqsəd Abşeron yarımadasının şimal-qərb hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistralları ilə nəqliyyat əlaqəsini təmin etməkdir. Bu da öz növbəsində paytaxtın mərkəzi hissəsində nəqliyyat yükünün azalmasına gətirib çıxaracaq.