CƏMİYYƏT
Bilgəh çimərliyində plastik tullantıların toplanması aksiyası ictimaiyyətin məlumatlandırılması baxımından çox mühümdür
Bakı, 12 fevral, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən plastik tullantıların toplanması üzrə keçirilən birgə aksiya plastik tullantıların ətraf mühitə mənfi təsiri barədə ictimaiyyətin məlumatlandırılması baxımından çox mühümdür.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində fevralın 12-də Bilgəh çimərliyində keçirilən plastik tullantıların toplanması aksiyasını şərh edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib. Nazir müavini xatırladıb ki, plastik qablaşdırma məhsullarının istehsalı hələ ötən əsrin ortalarında başlanıb. 1950-ci ildə dünyada 1,5 ton plastik qablaşdırma məhsulları istehsal olunub. 1990-cı ildə onların həcmi 100 milyon ton, artıq 2015-ci ildə 322 milyon tona çatıb. “Bu, onu göstərir ki, 1950-ci ildən bugünədək ətraf mühitdə, dənizlərdə və okeanlarda 1 milyard ton plastik tullantı mövcuddur. Problemin miqyası çox böyükdür. Plastik tullantılar, plastmas temperaturun və ultrabənövşəyi şüaların təsiri ilə 1000 il ərzində çürüyür. Problemin həlli ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planına plastik tullantıların səmərəli idarə edilməsi, o cümlədən selektiv toplama, daşınma, qismən utilizasiya və təkrar istehsal, bu sahədə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi daxildir. Həmçinin pilot layihənin, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə informasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Plastik qablaşdırma məhsullarının istehsalının azaldılması və qabaqcıl ölkələrin analoji təcrübəsinin öyrənilməsi də planlaşdırılır. Tədbirlər planına kağız, parça, keçə və toxunmuş materiallardan alternativ qabların istehsalının artırılması da daxildir”, - deyə R.Hacıyev vurğulayıb.
Nazir müavini hesab edir ki, bu məsələdə maarifləndirmə işi çox böyük əhəmiyyətə malikdir. O bildirib ki, plastik tullantıların ətraf mühitə mənfi təsiri, alternativ qablaşdırma materiallarından istifadənin zəruriliyi barədə buklet və broşürlər çap olunacaq. Plastik tullantıların ətraf mühitə mənfi təsiri ilə əlaqədar təhsil müəssisələrində - məktəb və universitetlərdə informasiya işi aparılacaq.