CƏMİYYƏT


Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurası və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəh qəsəbəsindəki “Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət mərkəzi”ndə bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Qətibə Əsədova rəhbərlik etdiyi qurumun fəaliyyətindən, son illərdə pensiya yaşına çatmış şəxslər üçün Prezident İlham Əliyevin tapşırığı ilə sosial xidmət müəssisəsində aparılan əsaslı təmir və yenidənqurma işlərindən, ahıl insanlar üçün yaradılan yaşayış şəraitinin yaxşılaşdırılmasından danışıb.

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı İlqam Əskərov çıxışında bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsinin ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdığını bildirib. Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir. Bu, cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir. Böyüklərə hörmət Azərbaycan xalqının adət-ənənəsidir. Bu ənənə mənəviyyatımızın ayrılmaz tərkib hissəsidir və çox qədim tarixi köklərə söykənir.

Bildirilib ki, Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanunu imzalayıb.

Prezident İlham Əliyev tərəfindən ahıllara diqqət və qayğı, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə müvafiq sənədlər imzalanıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.