ELM VƏ TƏHSİL
Bilik Fondu Azərbaycan Ordusunun 100 illiyinə silsilə tədbirlər həsr edib
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Ordusunun 100 illiyi münasibətilə müxtəlif məzmunlu maarifləndirici tədbirlər təşkil edir.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, “Ordum varsa, yurdum var” şüarı ilə hazırlanan tədbirlərdə bu sahənin biliciləri olan alimlər mühazirələrlə çıxış edir, əsgər və zabitlərimiz şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızla görüşürlər. Həmçinin bu tədbirlərdə Qarabağ müharibəsinə həsr olunan filmlər göstərilir, kitabların təqdimatları təşkil olunur.
Bilik Fondu müxtəlif təyinatlı hərbi hissələrdə əsgər və zabitləri dəfələrlə ziyarət edib. Bu günə qədər hərbi hissələrin kitabxanalarına mindən çox kitab hədiyyə olunub. “Əsgərə məktub” və “Əsgərdən məktub” layihələri çərçivəsində yazılan məktublar ordu-xalq birliyinə xidmət edib.
Görüşlərdə alimlərlə yanaşı, əsgər və zabitlər də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını bildiriblər.
Bilik Fondu işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə də səfərlər təşkil edib. Məktəblilərlə, kənd sakinləri ilə sıx təmaslar qurulub, həm məktəbə, həm də kənd məscidinə 1000 nüsxədən çox kitab hədiyyə olunub. Cocuq Mərcanlı kəndinə sonuncu səfərdə Bilik Fondunun “Mizan” Tələbə Dram Dərnəyinin görkəmli yazıçı Mir Cəlal Paşayevin əsərlərinin motivləri əsasında hazırladığı tamaşa nümayiş olunub.
Fond Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyalar da təşkil edib. Gənclər muzeyin hərb tariximizin ayrı-ayrı dövrlərini özündə ehtiva edən geniş zallarında Səfəvi dövlətindən tutmuş bu günə qədər olan hərb tariximiz barədə əyani vasitələrlə tanış olurlar.
Fondun “Tariximizi öyrənək və öyrədək”, “Gənc jurnalistlər” klublarının üzvləri də ordu tarixinin daha yaxından öyrənilməsi məqsədilə mütəmadi tədbirlərə cəlb olunurlar. Gənclərin iştirakı ilə hərbi hissələrin kitabxanalarına elmi-kütləvi və bədii ədəbiyyat nümunələri hədiyyə olunur. Bilik Fondunun dəstəyi ilə Beyləqan rayonu ərazisində yerləşən hərbi hissədə əsgər və zabitlər üçün “Bilik otağı” yaradılıb, Tərtər şəhərində Qarabağ regional Bilik Evi fəaliyyətə başlayıb. Bilik Fondunun təşkilatçılığı və Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyətinin iştirakı ilə Binəqədi rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan – yurdum mənim” mövzusunda ədəbi-musiqili kompozisiya, Pirəkəşkül qəsəbəsində yerləşən digər hərbi hissədə “Əsgər papağı” tamaşası nümayiş etdirilib.
Fondun hərbi vətənpərvərliyin təbliği istiqamətində layihələri davam edir. Azərbaycan Ordusunun şanlı tarixini hər bir azərbaycanlının bilməsi vacibdir. Bu məqsədlə həyata keçirilən layihələr rəngarəngliyi ilə seçilir. Məqsəd ondan ibarətdir ki, xüsusən gənclər Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun dövlətə, xalqa sədaqətli xidmət ənənələrinin müasir ordu quruculuğunda da uğurla davam etdirildiyini daha dəqiqliyi ilə bilsinlər. İndi şübhə yoxdur ki, Azərbaycanın dövlət rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində öz qüdrətini gündən-günə artıran müasir Azərbaycan Ordusu Cümhuriyyət ordusunun tarixi təcrübəsindən səmərəli şəkildə bəhrələnərək, bütün xalqın ona bağladığı ümidləri layiqincə doğrultmağa hazırdır.