ELM VƏ TƏHSİL
Bilik Fondu Azərbaycan musiqisinin təbliği ilə bağlı mühazirələrə başlayıb
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar silsilə tədbirlər həyata keçirir.
Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Bakı şəhərinin Yasamal rayonu Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq doktoru Nuridə İsmayılovanın “Cümhuriyyət dövründə musiqi” mövzusunda mühazirəsi keçirilib.
Tədbirdə Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun həyata keçirdiyi layihələrdən, musiqinin estetik zövqün cilalanmasındakı rolundan danışıb.
Yasamal Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Vaqif Məmmədov Bilik Fonduna və Bakı Musiqi Akademiyasına təşəkkürünü bildirib, maarifçilik missiyasının həyata keçirilməsində uğurlar arzulayıb.
N.İsmayılzadə Bakıda və ümumilikdə Azərbaycanda musiqi mədəniyyətinin təşəkkül tapdığı dövrdən Cümhuriyyət dövrünədək və ondan sonrakı illərdə musiqimizin inkişaf yolundan danışıb. Mühazirəçi özülü muğamla yoğrulan Azərbaycan musiqisinin məhz Cümhuriyyət dövründə keçdiyi yola nəzər salıb.
Tələbələrin milli musiqimizin zəngin tarixinə dair sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.