ELM VƏ TƏHSİL


Bilik Fondu Belarus səfirliyi ilə əməkdaşlığa başlayır

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Belarusun ölkəmizdəki səfirliyinin baş müşaviri Mixail Karaçun və səfirliyin birinci katibi, konsul İnessa Pavlovskaya Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.

Fonddan AZƏRTAC-a bildirilib ki, icraçı direktor Oktay Səmədov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Bilik Fondunun əsas məqsədi əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji, humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin elmi biliklərinin artırılması, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılmasına xidmət göstərməkdir.

İcraçı direktor beynəlxalq əməkdaşlıq çərçivəsində Fondun gördüyü işlərdən danışaraq, bu günə qədər ölkəmizdəki bir çox səfirlik və diplomatik nümayəndəliklərin təmsilçiləri ilə əlaqələr qurulduğunu, müxtəlif məzmunlu birgə tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, 20-dən çox ölkənin səfirləri Fondun qonağı olublar və bu görüşlərdə beynəlxalq müstəvidə əməkdaşlıq məsələləri müzakirə edilib.

O.Səmədov Fondun nəzdində fəaliyyət göstərən klublardan söz açaraq, “Tariximizi öyrənək və öyrədək”, “Gənc jurnalistlər”, “Diplomatlar” klublarının iş prinsipi, “Qardaşlaşmış məktəblər”, “Dünya elmi Azərbaycanda”, “Azərbaycan elmi dünyada" layihələri haqqında danışıb, bu layihələrin beynəlxalq əhəmiyyəti barədə qonaqları məlumatlandırıb.

Mixail Karaçun bildirib ki, Belarus Respublikası 2019-cu ildə ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu sahədə Belarusun birinci Avropa Oyunlarına 2015-ci ildə ev sahibliyi etmiş Azərbaycanın təcrübəsini öyrənməsinə ehtiyac var. Səfirliklə Bilik Fondunun bu istiqamətdə əməkdaşlığı məqsədəuyğun olardı.

Qonaqlar dünyanın ən böyük kitabxanaları sırasında Belarus Milli Kitabxanasının özünəməxsus yeri olduğunu vurğulayaraq, 8 milyondan çox kitabın saxlandığı elektron kitabxana ilə ədəbiyyat mübadiləsi aparılmasını təklif ediblər.

Əhalinin maarifləndirilməsi və elmi biliklərinin artırılması sahəsində sıx əlaqələrin qurulması ilə bağlı aparılan fikir mübadiləsindən məmnun qaldıqlarını deyən diplomatlar alim və tədqiqatçı mübadiləsinin, hər iki ölkənin turizm imkanlarının təbliğ olunmasının, mədəniyyətyönümlü birgə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıblar.

Sonda Bilik Fondu ilə Belarus Respublikasının Azərbaycandakı səfirliyi arasında fəaliyyət planının imzalanması barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.