ELM VƏ TƏHSİL
Bilik Fondu Dövlət Bayrağı Günü ilə bağlı silsilə tədbirlər təşkil edib
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik” proqramına uyğun olaraq, 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə paytaxtda və bölgələrdə silsilə tədbirlər təşkil edib. Tədbirlər Fondun yerli nümayəndələri və Bilik evləri rəhbərlərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, Dövlət Bayrağı Günü ərəfəsində Astara şəhər 1 və 5 nömrəli, Şiyəkəran kənd 2 nömrəli tam orta məktəblərin, yerli Pedaqoji Kollecin müəllim və şagird kollektivi müxtəlif günlərdə Astara rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Mərkəzin direktoru Kübra Səmədova qonaqlara ulu öndər Heydər Əliyevin fəaliyyətini əks etdirən fotolar və sənədlər barədə məlumat verib.
Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov, kollecin müəllimi Xanımnisə İsayeva və digər çıxış edənlər milli bayrağımızın müqəddəs dəyərləri əks etdirdiyini vurğulayıblar. Bilik Fondunun əməkdaşı Elza Kazımova “Azərbaycan bayrağı – milli qürurumuz, kimliyimiz, vüqarımızdır” mövzusunda məruzə ilə çıxış edib. Tədbir iştirakçıları Astara Bilik Evinin “Toxuculuq” və “Rəssamlıq” dərnəkləri üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən “dəyirmi masa”da şəhərin 6 məktəbinin və texniki, təbiət təmayüllü liseyin şagird və müəllim kollektivi iştirak edib. Fondun rayon üzrə nümayəndəsi Anar Rzayev bayrağın hər bir dövlət üçün bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu söyləyib. Qeyd edilib ki, azərbaycanlılar dövlət bayrağını müqəddəs bilir, millətin, xalqın qeyrət rəmzi kimi xarakterizə edirlər.
Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında keçirilən tədbirdə müəssisənin direktoru, Bilik Fondunun rayon üzrə nümayəndəsi Kəmalə Hüseynova bayrağımızın yaranma tarixindən, üzərində olan rənglərin mənalarından danışıb. Körpələr evinin uşaqları şeirlər söyləyib, mahnılar oxuyublar. Sonda sənədli film nümayiş olunub.
Eyni məzmunlu tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) təşkil edilib. İnşaat fakültəsinin dekanı, professor Hikmət Məmmədov bildirib ki, ləyaqət simvolu olan milli bayrağı uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur. Bilik Fondunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva fondun maarifçilik fəaliyyətindən söz açıb. O, “Sülhün göyərçini, savaşın qartalı” olan üçrəngli, ay-ulduzlu bayrağımızı milli dəyər kimi səciyyələndirərək, dövlət atributuna dərin ehtiram göstərməyin vətəndaşlıq borcu olduğunu söyləyib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, tarix üzrə elmlər doktoru Xəqani Məmmədov “Dövlət atributlarımız” mövzusunda mühazirə ilə çıxış edib. Bildirib ki, bayraqlarda ideoloji, siyasi, sosial-sinfi, dini, milli və digər ideyalar daha ümumiləşmiş formada öz təcəssümünü tapır. Tədqiqatçı alim Azərbaycan tarixinin ən qədim dövrlərindən müasir dövrümüzə qədər istifadə olunan bayraqları əhatəli şəkildə şərh edib.
Bayram ərəfəsində Fondun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçıları olan Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbi və Qobustan şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında “Bayrağımız - qürurumuzdur” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qobustan məktəbinin direktoru Əlibəy Abduləzizov Dövlət bayrağının xalqa qürur yaşatdığını bildirib. İlk 4 yerə layiq görülən inşaların müəlliflərinə Bilik Fondunun diplomları, 12 iştirakçıya isə tərifnamələr verilib.
Xaçmaz şəhər M.Məmmədov adına 4 nömrəli tam orta məktəbdə Dövlət Bayrağı Gününə həsr olunan tədbirdə fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla “Dövlət atributlarımız və məktəblilərin vətənpərvərlik tərbiyəsi” mövzusunda, Şəmkir rayonu Heydər Əliyev Mərkəzində yerli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cavanşir Pirverdiyev “100 yaşlı bayrağımız” mövzusunda mühazirə söyləyib.
Bilik Fondunun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov Ərmənət kənd tam orta məktəbində “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda çıxışında məktəblilərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımıza böyük məhəbbətlə yanaşmağın vacibliyini vurğulayıb.
Bilik Fondunun Qarabağ, Ağstafa, Nardaran, İsmayıllı, Qax, Oğuz, Ağsu və Ağdaş Bilik evləri, Abşeron, Siyəzən, Quba, Ağdam, Tərtər, Göyçay, Şirvan, Mingəçevir, Neftçala, Qazax və digər bölgələr üzrə nümayəndələri də 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə maarifləndirici görüş, “dəyirmi masa”, sərgi, təqdimat və mühazirələr təşkil ediblər.