ELM VƏ TƏHSİL
Bilik Fondu IV İslam Həmrəyliyi Oyunlarının təbliğatına başlayıb
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİSGOC) korporativ direktoru Elçin Səfərov və Təşkilat Komitəsinin katibi Könül Nurullayeva ilə gənclərin görüşü keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun aparat rəhbəri İsaxan Vəliyev əhalinin maarifləndirilməsi istiqamətində fondun həyata keçirdiyi layihələr barədə məlumat verib. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladan İ.Vəliyev İslam Həmrəyliyi Oyunlarının məhz bu il keçirilməsinin dövlətin məqsədyönlü şəkildə yürütdüyü ardıcıl inkişaf siyasətinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
İ.Vəliyev dövlətimizin başçısının “Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq” fikirlərinə diqqət çəkərək, təmsil etdiyi qurumun AİSGOC ilə birgə təbliğat-təşviqat işlərinə başlamağa hazır olduğunu deyib.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov İslam Həmrəyliyi Oyunlarının mahiyyətinin ölkə ictimaiyyətinə daha ətraflı çatdırılması ilə bağlı qurumun hazırlayacağı ilkin fəaliyyət planını birgə müzakirəyə çıxarmağın məqsədəuyğun olduğunu söyləyib.
İslam Həmrəyliyi Oyunlarının tarixindən söz açan K.Nurullayeva tədbirin əhəmiyyətini vurğulayıb, tədbirə cəlb olunan idman növləri, idmançıların təmsil etdikləri ölkələr, Bakıda keçiriləcəyi məkanlar barədə ətraflı məlumat verib.
Oyunların maliyyə xərclərindən danışan E.Səfərov bildirib ki, əsas işlər “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin maddi texniki bazası üzərində qurulacaq.
Görüşdə, həmçinin Bilik Fondunda təşkil olunan ərəb dili kursunun iştirakçılarının IV İslam Həmrəyliyi Oyunlarına könüllü kimi cəlb olunmaları barədə razılıq əldə edilib.
Sonda AİSGOC tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.