ELM VƏ TƏHSİL
Bilik Fondu “Ksenofobiya və tolerantlıq” mövzusunda mühazirə təşkil edib
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ksenofobiya və tolerantlıq” mövzusunda görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə görüşün mahiyyəti barədə məlumat verilib.
İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani Azərbaycandakı tolerant mühitdən söz açıb, multikultural həyat tərzinə malik olan xalqımızın dəyərlərinə heyranlığından danışıb. Səfir iki ölkənin gəncliyi arasında müqayisəli təhlillər aparıb, yeni nəslin təmsilçilərinin xüsusən maariflənməyə böyük meyil göstərdiklərini, bilik və savadı əsas prioritet seçdiklərini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli “Ksenofobiya və tolerantlıq” mövzusunda söylədiyi mühazirədə dövlət-din münasibəti ilə bağlı maraqlı fikirlər səsləndirib. Məruzəçi dini və milli ayrı-seçkiliyə rəvac verən ölkələrdə yaşanan savaşların qarşısının yalnız tolerant düşüncə ilə alınmasının mümkünlüyünə diqqət çəkib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva təmsil etdiyi qurumla Bilik Fondunun birgə həyata keçirdiyi layihələrdən söz açıb.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov fondun gənclərlə bağlı keçirdiyi maarifləndirici layihələrdən bəhs edib, onların vətənə, xalqa, dövlətə layiq vətəndaş kimi formalaşmasının vacibliyini önə çəkib. İcraçı direktor Bilik Fondunun Azərbaycanda fəaliyyət göstərən bir çox xarici ölkələrin səfirlikləri ilə əlaqələr qurduğunu bildirib, münasibətlərin möhkəmləndirilməsi məqsədilə icra hakimiyyətlərini də bu əməkdaşlığa cəlb etməyin üstünlüklərini diqqətə çatdırıb.
Diskussiya formatında keçirilən tədbirdə dinləyicilərin sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.