ELM VƏ TƏHSİL
Bilik Fondu “On beş illik Prezidentlik dövrünün şərəfli salnaməsi” mövzusunda “dəyirmi masa” keçirib
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı Dövlət Sosial-İqtisad Kollecində “On beş illik Prezidentlik dövrünün şərəfli salnaməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Prezident İlham Əliyevin 2003-2018-ci illərdə dövlət başçısı kimi fəaliyyətini əks etdirən film-slayd nümayiş etdirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucovun “Vətənə, xalqa həsr edilən fəaliyyətin mənzərəsi” və Bilik Fondunun sektor müdiri Hacı Abdullanın “Prezident İlham Əliyevin humanitar siyasəti” mövzusunda məruzələri dinlənilib.
Qeyd olunub ki, 15 il ərzində cəmiyyətin ictimai-siyasi sferasını dəyişdirən azsaylı ölkələr kateqoriyasına Azərbaycan da aiddir. Çünki son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, fərmanlar, təsdiqlədiyi dövlət proqramları Azərbaycanı dünyada demokratik və siyasi baxımdan yetkin dövlətə çevirib. Eyni zamanda, transmilli layihələrin reallaşdırılması və ölkə daxilində sosial dövlət quruculuğu istiqamətində mühüm addımların atılması Azərbaycanın dinamik inkişafını təmin edib.
Məhz ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə praqmatik xarici siyasət kursu həyata keçirilib. Xəzər-Qara dəniz-Aralıq dənizi hövzələrini birləşdirəcək TAP, TANAP, “Cənub Qaz Dəhlizi” layihələri artıq reallığa çevrilib, Qərblə Şərq arasında fasiləsiz nəqliyyat əlaqələrinin qurulması üçün Şimal-Cənub, Şərq-Qərb, eləcə də Avrasiya geostrateji məkanının önəmli layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə ən etibarlı nəqliyyat dəhlizi formalaşdırılıb, regionun ən böyük dəniz ticarəti limanı yaradılıb. Nəticə etibarilə Azərbaycan hazırda həm Şərq, həm də Qərb üçün cəlbedici və əhəmiyyətli ölkə statusu qazanıb. Ölkəmiz beynəlxalq humanitar forumların, sivilizasiyalararası dialoqun mərkəzinə, Şərqlə Qərbi birləşdirən etibarlı körpüyə çevrilib.
Müzakirələrdə kollecin müəllim və tələbələri fəal iştirak ediblər.
Çıxış edənlər Bilik Fondunun yaradılmasını da Prezident İlham Əliyevin humanitar siyasətinin bir hissəsi kimi dəyərləndiriblər, Bilik Fondu ilə keçirilən birgə tədbirlərin gənclərin bilik və bacarıqlarının yüksəlməsinə xidmət etdiyini vurğulayıblar.