REGİONLAR
Bilik Fondu Xızıda Cümhuriyyət tarixinə həsr olunmuş “dəyirmi masa” təşkil edib
Xızı, 7 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Xızı rayonunun Şurabad qəsəbəsində keçirilən “dəyirmi masa”da 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin, habelə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında dövlətimizin başçısının sərəncamlarından irəli gələn məsələlər müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Fondun rayon nümayəndəsi, Şurabad qəsəbə tam orta məktəbin direktoru Xatirə Həşimzadə çıxış edərək “dəyirmi masa”da müzakirə edilən məsələlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Bilik Fondunun sektor müdiri Hacı Abdullanın “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinin varisliyi”, Şurabad qəsəbə tam orta məktəbin tarix müəllimi Brilyant Ağazadənin isə “20 Yanvar və 26 Fevral Xocalı qətliamları azərbaycanlıların 1918-ci il soyqırımının davamıdır” mövzusunda məruzələri dinlənilib.
Sumqayıt Regional Təhsil İdarəsinin məsləhətçisi İman Ağayev Cümhuriyyət dövründə xalqımızın reallaşmayan arzularının ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində gerçəkliyə çevrildiyini bildirib, belə tədbirlərin maariflənmə sahəsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Şurabad qəsəbə tam orta məktəbin tədris hissə müdiri Arzu Abdullayeva Cümhuriyyət ideyalarının xalqımızın yaddaşında silinməz iz qoyduğunu, müstəqil dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynadığın deyib, azərbaycançılıq məfkurəsinin yeniyetmə və gənclərə aşılanması sahəsində əsas vəzifələrdən danışıb.
Şurabad dini icmasının sədri Hasil Şəfiyev Cümhuriyyət dövründə olduğu kimi, indi də dini-milli dəyərlərimizə ehtiramın dövlətimizin siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib.
Xızı Rayon İcra Hakimiyyətinin Şurabad qəsəbə icra nümayəndəsi İlham İsgəndərov isə çıxışında Bilik Fondu ilə birgə müxtəlif sahələr üzrə maarifləndirmə tədbirlərinin digər qəsəbə və kəndlərdə də ardıcıl davam etdiriləcəyini vurğulayıb.
Tədbir iştirakçıları Bilik Fonduna 1918-1920-ci illərdə Xaçmaz-Xızı bölgəsində bolşevik, daşnak işğalçı qoşunlarına qarşı aparılan mübarizə tarixinə dair konfransın keçirilməsinə yardımçı olmağı təklif ediblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Sonda şagirdlərin hazırladığı “Vətən, Torpaq, Şəhid” ədəbi-bədii kompozisiyası təqdim olunub və Xızı torpağının yetirmələri olan Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruzun şeirləri səsləndirilib.