ELM VƏ TƏHSİL
Bilik Fondu ilə A.S. Puşkin adına Dövlət Rus Dili İnstitutu arasında müqavilə imzalanıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının A.S. Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya, Dil Testləşdirmə və Miqrasiya Siyasətinə Yardım Mərkəzinin rəhbəri Radçenko Oleq sentyabrın 28-də Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunda olublar.
Fonddan AZƏRTAC-a bildiriblər ki, icraçı direktor Oqtay Səmədov qonaqlara qurumun fəaliyyət istiqamətləri, xüsusilə də ölkə əhalisi arasında xarici dillərin, o cümlədən rus dilinin təbliği istiqamətində görülən işlərlə bağlı məlumat verib, bölgələrimizdə təşkil edilən Bilik evlərində rus dili üzrə keçirilən təlim kurslarından bəhs edib.
M.Rusetskaya Bakıdakı Rus Pravoslav kilsəsində Azərbaycan dilinin tədrisini yüksək dəyərləndirib.
Görüşdə, həmçinin rus dilinin, rus xalqının qədim tarixinin və mədəniyyətinin təbliği istiqamətində görüləcək işlər müzakirə olunub, xarici dil kimi rus dilində bilik səviyyəsinin sertifikasiyası sahəsində əməkdaşlığa dair razılaşma ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Rusiya Federasiyasının A.S. Puşkin adına Dövlət Rus Dili İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb.