ELM VƏ TƏHSİL
Bilik Fondu ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası arasında niyyət protokolu imzalanıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu qurum ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Fondun icraçı direktoru Oktay Səmədov niyyət protokolunun imzalanması və əməkdaşlığa başlanılması təşəbbüsünün iki qurum arasında maarifləndirici tədbirlərin birgə təşkili məsələlərinin müzakirəsi və mütəmadi fikir mübadiləsinin nəticəsi olaraq irəli sürüldüyünü xatırladıb.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, icraçı direktor belə bir protokolun imzalanmasına ehtiyac olduğunu deyib. O, sənədin ölkə əhalisinin maarifləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlığın dəstəklənməsi və inkişaf etdirilməsi məqsədi daşıdığını vurğulayıb.
Qeyd edilib ki, sahibkarlıq fəaliyyətinin təbliği və təşviqi ilə bağlı birgə layihələrin işlənib hazırlanması, xanımların lektor qismində mühazirələrə cəlb olunması, elmi-praktik konfransların, maarifləndirici görüşlərin, intellektual müsabiqələrin, bilik yarışmalarının və təlimlərin təşkili, materialların nəşri, qısametrajlı sənədli filmlərin, videoçarxların çəkilməsi, Assosiasiyanın təqdim etdiyi məlumatlar əsasında vakant iş yerlərinə dair məlumat bankının yaradılması, xarici ölkə mütəxəssislərinin təcrübə mübadiləsi məqsədilə maarifləndirici layihələrə qoşulması protokolun əsas mahiyyətini təşkil edir.
Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva sənəddə əksini tapan müddəaların icrası istiqamətində səylə çalışmağa hazır olduqlarını bildirib, rəhbərlik etdiyi qurumun potensialından yararlanaraq ictimaiyyətin iqtisadi məsələlər üzrə maarifləndirilməsi işinə töhfə verəcəklərini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində əksini tapan tələblərə uyğun fəaliyyət göstərdiklərini deyən S.Babayeva Bilik Fondu ilə faydalı əməkdaşlıq çərçivəsində qadınların bacarıqlarının müxtəlif istiqamətlərdə düzgün yönləndirilməsinə dəstək verə biləcəklərinə əminliyini ifadə edib.
Niyyət protokoluna uyğun olaraq birgə fəaliyyət proqramının hazırlanması qərara alınıb.