ELM VƏ TƏHSİL
Bilik Fondu ölkədəki söz, mətbuat azadlığı haqqında mühazirə təşkil edib
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Bakı Neft-Energetika Kollecində “Azərbaycan Respublikasının Konstitusiyasında söz, mətbuat, fikir azadlığı” mövzusunda mühazirə təşkil olunub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, kollec direktorunun təlim-tərbiyə işləri üzrə müavini Hüseyn Hüseynov hər iki qurum tərəfindən birgə həyata keçirilən tədbirlərdən söz açıb.
Bilik Fondunun lektoru, yazıçı Şəhla Aslan bu qurum tərəfindən reallaşdırılan maarifçilik layihələri barədə ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının Konstitusiyasında söz, mətbuat, fikir azadlığından danışıb, bu gün ölkəmizdə KİV-lərin sərbəst fəaliyyətinin təmin edilməsi üçün qanunvericilik bazasının tam təkmilləşdirildiyini və beynəlxalq standartlara uyğunlaşdırıldığını söyləyib.
“Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuat tarixində inkişaf mərhələsinin əsasını qoydu. Ümummilli Lider müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanının və informasiya agentliklərinin, elektron KİV-lərin, bu sahəni əhatə edən müxtəlif qurum və birliklərin, qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı”, - deyə lektor bildirib.
Şəhla Aslan deyib: “Bu gün Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə mətbuatın inkişafına yönələn addımlar davamlılığı ilə diqqət çəkir. Milli mətbuatımızın yaranması gününün ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, onların fəxri adlarla təltif olunması və digər əhəmiyyətli addımlar ölkəmizdə mətbuata göstərilən diqqət və qayğının nəticəsidir”.
Sonra tələbələrlə mövzu ətrafında müzakirələr aparılıb.