REGİONLAR
Bilik Fondu şimal-qərb bölgəsində silsilə tədbirlər keçirir
Qax, 21 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Mədəni maarifləndirmə” layihəsi çərçivəsində avqustun 20-21-də Şəki, Qax və Balakən rayonlarında yerli icra strukturlarının dəstəyi ilə milli-mənəvi və mədəni dəyərlərin təbliği istiqamətində növbəti silsilə maarifləndirici tədbirlər təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonların mərkəzi kitabxanalarında keçirilən “dəyirmi masa”, mühazirə və seminarlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa rəhbərliyi və təşkilatçılığı ilə işlənib hazırlanan, uğurla yerinə yetirilən Azərbaycan dövlətinin mədəniyyət siyasətinin prioritetləri, sosial məqsədlər və mənəvi dəyərlər baxımından kulturoloji mahiyyəti, qanunvericilik təminatı, həmçinin milli mədəniyyətin mahiyyəti və onun mühafizəsinə dair dövlət tədbirləri və digər mövzular üzrə ətraflı fikir mübadiləsi, müzakirələr və maarifləndirmə söhbətləri aparılıb.
Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın, yerli mütəxəssislərin, ziyalıların məruzə və çıxışlarında ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mədəniyyət siyasətində varislik prinsipinin hazırda uğurla davam və inkişaf etdirildiyi konkret faktlarla diqqətə çatdırılıb.
Balakən şəhər Mərkəzi kitabxanasında keçirilən tədbirdə “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Azərbaycan həqiqətlərinin dünyada təbliği” mövzusunda çıxış edən Bilik Fondunun sektor müdiri Hacı Abdulla mədəniyyətimizin əvəzsiz, qayğıkeş hamisi birinci xanımın şəxsiyyətinə, çoxcəhətli fəaliyyətinə beynəlxalq aləmdə də böyük marağın olduğunu xüsusi vurğulayıb. Bildirilib ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfirləri arasında Mehriban Əliyeva ən çox diqqət mərkəzində olan xoşməramlı elçilərdəndir. Dünyanın nüfuzlu “The Times” qəzetinin apardığı araşdırmaların nəticəsi kimi, Mehriban Əliyevanın adı dünyanın ən tanınmış 5 fəal birinci xanımı siyahısına daxil edilib.
Keçirilən tədbirlərdə Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 2018-ci il 10 yanvar tarixli sərəncamlarının mühüm tarixi-siyasi, milli-mənəvi əhəmiyyəti xüsusi vurğulanıb.
Seminarlarda bu bölgənin Azərbaycan Xalq Cümhuriyyəti dövrü tarixi barədə AMEA-nın əməkdaşı, şimal-qərb bölgəsinin tədqiqatçı alimi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin mühazirələri dinlənilib. Mühazirələrdə şimal-qərb bölgəsi əhalisinin, başda Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət rəhbəri Fətəli xan Xoyski olmaqla, bu torpağın yetirmələrinin dövlətçiliyimizin bərqərar olmasında, qorunub saxlanması və möhkəmlənməsində mühüm xidmətləri tarixi faktlarla diqqətə çatdırılıb.
Tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, qurucularının adlarının əbədiləşdirilməsinə dair dövlətimizin başçısının imzaladığı sənədlərin mahiyyəti, tarixi əhəmiyyəti geniş şərh olunub, dinləyicilərin sualları cavablandırılıb.
İştirakçıların diqqətinə çatdırılıb ki, Bilik Fondunun “Cümhuriyyət tariximiz, qürurumuzdur” layihəsi çərçivəsində bu ilin əvvəlindən indiyədək qurum tərəfindən 100-dən çox tədbir keçirilib. “Azərbaycan Xalq Cümhuriyyəti dövrü haqqında nə bilirik?” mövzusunda keçirilən respublika müsabiqəsində şimal-qərb bölgəsinin gəncləri də xüsusi fəallıq göstəriblər.
Müsabiqə qaliblərinə Bilik Fondunun sertifikatları təqdim olunub.