ELM VƏ TƏHSİL
Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil edir
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə paytaxtda və bölgələrdə silsilə maarifləndirici tədbirlərin keçirilməsi davam edir.
Aprelin 20-də Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan tədbir keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, fondun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova Ümummilli Liderin çoxşaxəli fəaliyyətindən söz açıb.
Fondun mətbuat katibi Ceyhun Musayev Ulu Öndərin 95 illiyi münasibətilə keçirilən tədbirlərdən danışıb.
Bakı Dövlət Universitetinin (BDU) televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə ilə çıxış edib. A.Məmmədli Ümummilli Liderin Azərbaycan mətbuatına münasibəti, medianın inkişafındakı xidmətləri, jurnalistikaya və jurnalistlərə verdiyi dəstək barədə danışıb.
Qeyd edilib ki, müstəqillik illərində Azərbaycan mətbuatının formalaşması, mükəmməl qanunvericilik bazasının yaradılması görkəmli dövlət xadiminin adı ilə bağlıdır. Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə MDB məkanında ilk dəfə Azərbaycanda senzura ləğv olunub, mətbuata dövlət dəstəyinin əsası qoyulub.
Sonra mühazirəçi sualları cavablandırıb.
Aprelin 20-də daha bir tədbir Bilik Fondunun “Cümhuriyyətimiz-qürurumuzdur” layihəsi çərçivəsində Bakı şəhəri Səbail rayonu 6 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə BDU-nun professoru Yeganə İsmayılovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı” mövzusunda mühazirəsi dinlənilib.
Cümhuriyyət dövrünün ədəbi prosesə istiqamət verən görkəmli ədibləri barədə məlumat verən Y.İsmayılova o dövrdə əsas mövzunun vətənpərvərlik, doğma yurdun istiqlalının tərənnümü ilə bağlı olduğunu deyib. Professor ədəbi nümunələrlə AXC dövrünün ədəbi mənzərəsini məktəblilərə ətraflı çatdırıb.
Qeyd edək ki, maarifləndirici tədbirlər çərçivəsində S.Əliyevanın Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Bakı Dövlət Universiteti 100 ilin astanasında: tarixi ənənələr və müasirlik”, Masallı rayon Heydər Əliyev Mərkəzində “Cümhuriyyət dövrü və mətbuat”, Masallı Peşə Məktəbində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzularında mühazirələri təşkil olunub.