ELM VƏ TƏHSİL


Bilik Fondu tibbi maarifləndirmə istiqamətində tədbirləri davam etdirir

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mütəmadi olaraq həyata keçirdiyi müxtəlif məzmunlu tədbirləri - mühazirələr və təlimləri, “dəyirmi masa”lar və diskussiyaları, elmi konfranslar və seminarları ekoloji, mədəni, iqtisadi, hüquqi və tibbi maarifləndirmə proqramları çərçivəsində təşkil edilir.

“Tibbi maarifləndirmə” proqramının məqsədi əhalinin tibbi biliklərini artırmaq, onun sağlamlığını qorumaq, xəstəliklərin profilaktikası üzrə maarifləndirmə işinə dəstək göstərmək, sağlam qidalanma və sağlam həyat tərzini təbliğ etməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Bilik Fondunun məsləhətçisi Aytən Xubanova deyib. Onun sözlərinə görə, əhalinin tibbi maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği məqsədilə Bilik Fondu Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığa dair anlaşma memorandumu, o cümlədən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb. Yerlərdən daxil olan müraciətlər, aparılan sosioloji sorğular əsasında Fondun bilik evlərində, şəhər və rayon nümayəndələrinin təşkilatçılığı ilə ali və orta təhsil müəssisələrində, digər idarə və təşkilatlarda tibbi maarifləndirmə istiqamətində tədbirlər təşkil olunur. Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin əməkdaşları, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisləri ölkə ərazisində mütəmadi olaraq “Düzgün qidalanma sağlam həyat tərzinin əsası kimi”, “Məktəblinin fiziki aktivliyinin inkişafı”, “Hərəkətsizlik müasir cəmiyyətin bəlasıdır”, “Təmizlik - sağlamlıqdır”, “Ətraf mühitin insan sağlamlığına təsiri”, “Ana südü körpələrin sağlam qidalanmasının başlıca şərti kimi”, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzularında tədbirlərdə fəal iştirak edir, idarə və müəssisələrdə mühazirə və təlimlər keçirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, 26 iyun - Narkomaniyaya və Narkobiznesə Qarşı Mübarizə Günü ilə əlaqədar “Zərərli vərdişlərə “Yox!” deyək”, “Narkomaniyaya qarşı mübarizə edək” şüarı altında keçirilmiş tədbirlərdə gənclərə tütünçəkmənin insan orqanizminə mənfi təsiri, zərərli vərdişlərə, narkotik maddələrə aludəliyin fəsadları izah olunur, virusdan qorunmanın üsulları izah edilir.

A.Xubanova bildirib ki, 31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunan tədbirlərdə gənclərə tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri barədə Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Səidə Xanməmmədova ətraflı məlumat verib. Geniş dinləyici kütləsini əhatə etmək və maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət” Təlim-Tədris Mərkəzində müxtəlif tibbi mövzularda təşkil olunan videokonfranslarda Bakı gəncləri ilə yanaşı, Mingəçevir, Şəki, Zaqatala, Qazax və Göyçay gəncləri də iştirak ediblər. İştirakçılar tütünçəkmə, onun fəsadları, ikincili tütünçəkmənin insan orqanizminə mənfi təsiri barədə məlumatlandırılıb.

Hər hansı bir qəza və ya sağlamlıq üçün təhlükəli vəziyyət yarandıqda xəsarət almış adama tibb işçiləri gələnədək ilk tibbi yardımın göstərilməsi qaydalarını öyrətmək məqsədilə Fondun ölkə ərazisində yerləşən bilik evlərində, “SOS” Uşaq Kəndi, ali məktəb, kollec və orta ümumtəhsil məktəblərində “Təxirəsalınmaz ilkin tibbi yardım” mövzusunda mühazirə və təlimlər təşkil olunur. Həkim-mütəxəssislər zədə almış şəxsə süni tənəffüsün verilməsi və ürəyin qapalı masajının düzgün icra edilməsi qaydalarını yeniyetmə və gənclərin diqqətinə çatdırırlar.

Ordu sıralarına gələn gənclərin sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları olduqca vacibdir. Bu məqsədlə Azərbaycan Tibb Universitetinin həkimləri, İSİM-in həkim-mütəxəssisləri mütəmadi olaraq müxtəlif bölgələrdə gənc çağırışçılara, eləcə də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan kursantlara depressiya, onun fəsadları, sağlam həyat tərzi, zərərli vərdişlər və onlardan qorunmağın yolları haqqında, tütünçəkmə, onun zərərli nəticələri, bu səbəbdən yaranan xəstəliklər, ikincili tütünçəkmənin insan orqanizminə mənfi təsiri haqqında geniş məlumat verirlər.

Bilik Fondu ölkə əhalisinin sağlamlığı keşiyində duran təcrübəli həkim və tibb işçiləri ilə, onların təmsil etdikləri müəssisə və təşkilatlarla əməkdaşlığı genişləndirmək, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi kimi nüfuzlu dövlət qurumları ilə birgə layihələr həyata keçirməklə icbari tibbi sığortanın tətbiqi, yoluxucu xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işini gücləndirmək əzmindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.