ELM VƏ TƏHSİL


Bilik Fondunda hüquqi maarifləndirmə bölməsinin növbəti toplantısı keçirilib

Bakı, 13 mart, AZƏRTAC 

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurası hüquqi maarifləndirmə bölməsinin növbəti toplantısı keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” dövlətimizin başçısının 2018-ci il 18 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələr, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar görüləcək işlər, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamın kontekstində AXC-nin fəaliyyətinin hüquqi aspektləri mövzusunda maarifləndirici tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun “Hüquqi maarifləndirmə” layihəsi çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib. Növbəti prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi ilə bağlı müxtəlif elm-təhsil ocaqlarında, müəssisə və təşkilatlarda mühazirələrin təşkil olunduğunu diqqətə çatdırıb, koordinasiya şurasının üzvlərinin bu görüşlərdə iştirakına böyük ehtiyac olduğunu söyləyib.

O.Səmədov Bilik Fondunun dəstəyi ilə bölgələrdə fəaliyyət göstərən bilik evlərinin strukturu və iş prinsipi barədə danışıb, bu qurumların yerləşdiyi məkanlarda hüquq məsləhətxanalarının yaradılması vacibliyinə toxunub. İcraçı direktor bu il ölkəmizdə gerçəkləşəcək mötəbər tədbirlərin hüquqi aspektlərinin əhaliyə izah olunmasında hüquqşünaslarla birgə hazırlanacaq fəaliyyət planının ümumi müddəalarını açıqlayıb.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev hüquqi maarifləndirmə bölməsinin rəhbəri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Milli Məclisin deputatı Əli Hüseynlinin rəhbərlik etdiyi bölmənin fəaliyyətindən söz açıb, qurumun üzvlərinə minnətdarlığını bildirib. Qeyd edilib ki, prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə yanaşı, ümumiyyətlə bütün təbəqələrdən olan seçicilərin maarifləndirilməsi məqsədəuyğundur.

Aparat rəhbəri hüquqşünasları ölkəmizdə bu il keçiriləcək tədbirlərlə bağlı fəaliyyət planının hazırlanması istiqamətində təkliflər verməyə dəvət edib.

Ə.Hüseynli şura üzvlərinin fondla birgə tədbirlərdə iştirak etmələrindən məmnunluğunu bildirib. Qeyd edilib ki, əhalinin hüquqi maarifləndirilməsi sahəsində bəzi boşluqlar var və insanlarla birbaşa təmas qurmaqla bu çatışmazlıqları aradan qaldırmaq mümkündür. Təkcə seçki ilində deyil, bütün dövrlərdə yeni qanunlarla, sənədlərə edilən əlavə dəyişikliklərlə bağlı əhaliyə dolğun və sadə yolla izahlar verməyin lazım olduğunu diqqətə çatdıran Ə.Hüseynli birgə fəaliyyətə Azərbaycan Vəkillər Kollegiyasının qoşulması təklifini irəli sürüb.

Nəzərə çatdırılıb ki, AXC-nin təbliği və təşviqi işində 1918-ci ilə hədəflənmək düzgün deyil. Çünki 100 illik deyiləndə, 1918-ci ildən bu günümüzədək keçilən yol nəzərdə tutulur və bu illər ərzində sovet dönəmi də daxil olmaqla Azərbaycan çox böyük inkişaf yolu keçib.

Ə.Hüseynli gənclərin bütün sahələrdə maarifləndirilməsinə zərurət olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) hüquqşünaslıq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyev, Polis Akademiyasının əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru Rafiq Nəcəfquliyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayev, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Nazim Əliyev, DİA-nın müəllimi, hüquq üzrə fəlsəfə doktoru Oruc Məmmədov, Azərbaycan Respublikası Milli Məclis Aparatının əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev hüquqi maarifləndirmə mövzusunda maraqlı təkliflər səsləndirib, əhalinin müasir standartlar səviyyəsində bilgiləndirilməsi üçün məlumat ədəbiyyatının nəşr edilərək paylanılmasının faydalı olacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.