ELM VƏ TƏHSİL


Bilik Fondunda könüllülərin yeni klubu yaradılıb

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun könüllülərdən ibarət növbəti klubu təsis olunub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, bu qurumun beynəlxalq layihələr sektorunun nəzdində fəaliyyət göstərəcək “Diplomatlar” klubu müxtəlif universitetlərin tələbələrinin, gənc mütəxəssislərin çoxlu sayda müraciətləri əsasında yaradılıb. Müraciətlərdə qeyd olunur ki, gənclər Azərbaycanla xarici ölkələr arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, dövlət siyasətinin beynəlxalq aləmə dolğun və obyektiv çatdırılması işində fəal iştirak etmək istəyirlər. Bilik Fondunun rəhbərliyi onların təkliflərini müsbət dəyərləndirib, klubun “Diplomatlar” adı altında fəaliyyət göstərməsi barədə qərar verib.

Əsasən universitetlərin beynəlxalq münasibətlər sahəsində ixtisaslı kadr hazırlığını həyata keçirən fakültələrində təhsil alan tələbələrin cəlb olunduğu klubun üzvləri Bilik Fondunun icraçı direktoru Oqtay Səmədovla görüşüblər. Görüşdə "Diplomatlar" klubunun təsis edildiyi elan olunub, klubun fəaliyyətinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

O.Səmədov tələbələrə fondun layihələri haqqında ətraflı məlumat verdikdən sonra klubun fəaliyyət dairəsi, strategiyası, məqsəd və məramı ətrafında fikir mübadiləsi aparılıb.

İcraçı direktor fondun ölkədaxili layihələr sektoru nəzdində "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun, informasiya təminatı sektoru nəzdində "Gənc jurnalistlər" klubunun fəaliyyət göstərdiyini xatırladıb, bu klubların gördüyü işlərdən danışıb.

Görüşdə vurğulanıb ki, "Diplomatlar" klubu gənclərin ictimai-siyasi fəallığının artırılması, dünyagörüşlərinin genişləndirilməsi, beynəlxalq nüfuzu daim artan dövlətimizin dünya siyasi arenasında yeri və rolunun təbliği, xarici ölkələrin, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşlərin keçirilməsi, tanınmış azərbaycanlı diplomatların təcrübəsinin öyrənilməsi, beynəlxalq münasibətlərin aktual problemləri ətrafında mütəxəssislərin iştirakı ilə müzakirə və “dəyirmi masa”ların, gənclər arasında intellektual müsabiqələrin təşkili məqsədilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.