ELM VƏ TƏHSİL
Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi uğurla davam edir
Bakı, 31 iyul, AZƏRTAC
Ana dilinə daim xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmandan və Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, dövlətimizin dil siyasətinin təbliği sahəsində maarifləndirmə işlərinin aparılması Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətində daim əsas istiqamətlərdən biri olub.
Fəaliyyətinin üçüncü ilinə qədəm qoymuş Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi məhz bu məqsədə xidmət edir.
Fonddan AZƏRTAC-a bildirilib k, Rus Pravoslav kilsəsində, udinlərin dünyada yığcam halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsində, Qusar rayonunda ləzgilərin yaşadığı Hil kəndində, Oğuz, Qax, İsmayıllı, Şəmkir və Astara rayonlarında, eləcə də Bakının Nardaran qəsəbəsində fondun dəstəyi ilə fəaliyyət göstərən bilik evlərində dövlət dilimizin öyrənilməsi, tətbiqi və təbliğinə xüsusi diqqətlə yanaşılır. Bu məkanlarda yerli əhali, xüsusilə də etnik qrupların nümayəndələri üçün həm milli birliyin, multikulturalizm ideyalarının, həm də xalqımızın zəngin mənəvi dəyərlərini özündə əks etdirən dilimizin təbliği istiqamətində elmi və mədəni-kütləvi tədbirlər keçirilir, Azərbaycan dili üzrə təlimlər təşkil olunur. Rus Pravoslav və Alban-Udin kilsələrində, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyində Azərbaycan dili üzrə təşkil edilmiş təlimləri artıq 100-dən çox dinləyici uğurla başa vurub. Dil kurslarında iştirak etmək istəyənlərin sayı isə durmadan artır.
Regionlarda “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Kitabi-Dədə Qorqud” dili keçmişdə, bu gün və sabah” mövzularında silsilə mühazirələr, “dəyirmi masa” və elmi-praktik konfranslar keçirilib. Bilik Fondunun mühazirəçiləri olan tanınmış dilçilər və xarici ölkə alimləri maraqlı çıxışlar ediblər. Akademik Kamal Abdullayevin AMEA İqtisadiyyat İnstitutunun kollektivi və texniki universitetlərin tələbələri qarşısında “Dilçi olmayanlar üçün ana dili dərsləri”, AMEA-nın institut direktorları Möhsün Nağısoylu və Muxtar İmanovun, tanınmış media nümayəndələrinin Azərbaycan dili ilə bağlı bölgələrin gəncləri və ziyalıları üçün keçirdikləri mühazirələr böyük maraqla qarşılanıb.
Bilik Fondu xalqımızın qədim tarixə və zəngin ənənələrə malik olan, mədəniyyətimizi və ədəbiyyatımızı yaşadan doğma dilimizin təbliği, qorunması və dəyərli bir sərvət olaraq gələcək nəsillərə ötürülməsi kimi şərəfli missiyanı davam etdirir.