ELM VƏ TƏHSİL
Bilik Fondunun “İslam Həmrəyliyi İli”nə növbəti töhfəsi: maarifləndirici mühazirələr
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Təhsil Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Şamaxı Dövlət Regional Kollecində “İslam həmrəyliyi milli-mənəvi dəyərlərimiz kontekstində” mövzusunda mühazirə təşkil edilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Şamaxı RİH başçısının müavini Gülnisə Ələkbərova ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə daim xüsusi diqqət yetirməsindən danışıb. O, Ümummilli Liderin bu sahədə işləyib hazırladığı dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu mühazirəsində çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində milli-mənəvi dəyərlərə münasibətdən, onun qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyindən bəhs edib. Diqqətə çatdırılıb ki, milli dəyərlərimizə dərindən bələd olan görkəmli dövlət xadimi Heydər Əliyev xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğini tövsiyə edib. Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti dövlətimizin başçısı layiqincə davam etdirir.
Sonra tələbələrin çıxışları və mövzu ətrafında fikir mübadiləsi dinləyici auditoriyası tərəfindən böyük maraqla qarşılanıb.
Sonda kollecin direktoru İlham Vəliyev tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə digər tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecdə keçirilib.
Kollecin direktoru Qulu Novruzov “İslam Həmrəyliyi İli”nin siyasi aspektlərindən danışıb. O, kollecin tədbirin keçiriləcəyi məkan olaraq seçildiyinə görə təşkilatçılara minnətdarlığını bildirib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsi müdirinin müavini Ruslan Əsgərov “İslam həmrəyliyi ümumbəşəri dəyərlər müstəvisində” mövzusunda mühazirə ilə çıxış edib, dinləyiciləri maraqlandıran sualları cavablandırıb.
İşgüzar şəraitdə keçən tədbirdə Bilik Fondunun ölkədaxili layihələr sektorunun əməkdaşı Elvin Hətəmov “İslam Həmrəyliyi İli”ndə bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı”nın icrası istiqamətində ölkənin müxtəlif ali, orta ixtisas və peşə təhsil müəssisələrində tədbirlərin təşkili ilboyu davam edəcək.