ELM VƏ TƏHSİL
Bilik Fondunun “Kinoklub” iştirakçıları “Cümhuriyyət tələbələri” filmini izlədilər
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə bu qurumun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fəaliyyət göstərən “Kinoklub”un növbəti toplantısı olub.
Bilik Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, klubun üzvləri Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə ARB “Aranfilm”in yaradıcı heyəti ilə görüşüblər. Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı iştirakçılara təmsil olunduğu qurumun reallaşdırdığı layihələr barədə məlumat verib. Bildirib ki, “Kinoklub” gənclərin estetik zövqünün formalaşdırılması ilə yanaşı, maarifləndirici elmi-kütləvi sənədli filmlərin baxışının təşkili, sosial videoçarxların hazırlanması, qısametrajlı filmlərin çəkilməsi, ssenarilərin yazılması, yaradıcı insanlarla görüşlərin təşkili məqsədilə yaradılıb.
ARB “Aranfilm”in bədii rəhbəri Tahir Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mühazirə ilə çıxış edib.
Tədbirdə “Cümhuriyyət tələbələri” sənədli filmi nümayiş olunub. Sonra film barədə fikir mübadiləsi aparılıb. Yaradıcı qrup “Kinoklub”un üzvü olan tələbə-tamaşaçıların suallarını cavablandırıb.
“Kinoklub”un növbəti toplantısı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilib. Klub üzvləri IV kurs tələbələrinin ifasında milli dramaturgiyamızın banisi M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanan tamaşanı izləyiblər. Tamaşadan sonra dramaturqun yaradıcılığı və onun komediyalarının səhnə həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Bilik Fondunun “Kinoklub”unda əvvəlki film nümayişi və müzakirəsi Şamaxı, Şəmkir, Tərtər rayonlarında, habelə Bakıda müxtəlif məkanlarda təşkil olunub.