ELM VƏ TƏHSİL
Bilik Fondunun təcrübəçiləri prezident seçkisi ilə bağlı mühazirə dinləyiblər
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, Bilik Fondunda istehsalat təcrübəsi keçən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq münasibətlər fakültələrində təhsil alan və Bakı Slavyan Universitetində yunanşünaslıq ixtisasına yiyələnən tələbələr qurumun mətbuat katibi Ceyhun Musaoğlunun "Azərbaycandakı prezident seçkiləri: nəticələr və perspektivlər" mövzusunda mühazirəsini dinləyiblər.
Prezident seçkilərində namizədlərə və seçicilərə yaradılmış demokratik şəraitdən danışan natiq bildirib ki, hər bir seçici özünün iradəsini sərbəst ifadə edərək növbəti yeddiillik dövr üçün Azərbaycan Respublikasının Prezidentini seçib.
C.Musaoğlu Prezident İlham Əliyevin seçkidən sonrakı çıxışında səsləndirdiyi "gələcək gənclərindir" fikrindən çıxış edərək, dinləyiciləri, xüsusən də gələcəyin diplomatları kimi yetişən tələbələri dövlətə qarşı yönələn təhdidlərin qarşısında sipər olmağa çağırıb.
Bilik Fondunun mətbuat katibi Azərbaycana qarşı qərəzli mövqedə olan qüvvələrin məkrli niyyətlərindən bəhs edib. O, gənclərin hadisələrə açıq düşüncə ilə reaksiya vermələrini, qərəzli münasibətin şaxələnməsinə qarşı çıxmalarını onların vətəndaşlıq mövqeyi ilə əsaslandırıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.