REGİONLAR


Bilik Günü münasibəti ilə Heydər Əliyev adına Hərbi Liseydə tədbir keçirilib VİDEO

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə Bilik Günü qeyd edilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Bilik Günü münasibətilə zabit, müəllim və kursantları təbrik edib. Ordu komandanı bildirib ki, 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 338 kursant təhsil alır. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb. Ötən illər ərzində hərbi liseyi 3 min 200-dən çox kursant bitirərək müxtəlif ali hərbi məktəblərə daxil olub. Bu il hərbi liseyi bitirən məzunlardan 145 nəfəri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 28-i Türkiyə Respublikasının, 9-u isə Rusiya Federasiyasının ali hərbi məktəbinə daxil olub.

Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Lamiyə Əsgərova və kursant Xəyyam Gülməmmədov çıxış edərək yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, bundan sonra da dərslərdə fəal olacaqlarına söz veriblər.

Çıxışların ardından orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, tribuna önündən təntənəli keçid olub.

Qeyd edək ki, hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayan kursantların hər birinə tədris vəsaitləri ilə tam komplektləşdirilmiş çantalar hədiyyə edilir. Tədbirdə kursant çantalarına baxış olub. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev pedaqoji kollektivlə görüşüb, keçirilən dərslərlə maraqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.