ELM VƏ TƏHSİL


Bilik evləri Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşlər təşkil edib

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bilik evləri 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər təşkil edib. Tədbirlər Bilik Fondunun “İlboyu bilik” proqramı üzrə “Vətənin pərvəri ol!” layihəsi çərçivəsində keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, Qarabağ Regional Bilik Evi və Tərtər Tarix-Diyarşünaslıq Muzeyinin birgə hazırladığı tədbir Qarabağ müharibəsi əlilləri və veteranlarının iştirakı ilə reallaşıb. Görüş iştirakçıların Azərbaycan Respublikasının dövlət himnini oxuması ilə başlayıb. Qarabağ müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Bilik Evinin müdiri Gülarə Əkbərova “Vətən sizə oğul deyir” mövzusunda mühazirəsində sağlamlığını torpaqlarımızın bütövlüyü uğrunda qurban vermiş hər bir vətəndaşın dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb. O, belə görüşlərin gənc nəslin formalaşmasında böyük təsir gücünə malik olduğunu bildirib.

Muzeyin direktoru Aybəniz Şahbazi çıxışında bu gün ölkəmizdə müşahidə edilən sürətli inkişafın sağlamlığını cəbhədə itirmiş hər bir döyüşçünün canı, qanı bahasına başa gəldiyini bildirib.

Tərtər batalyonunun keçmiş qərargah rəisi, hazırda istefada olan mayor Pənah Məmmədov gənclərə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyindən danışıb, belə görüşlərin davamlı olmasını arzulayıb.

Qarabağ müharibəsi veteranları Fəqan Qurbanov və Eldəniz İbadov döyüş xatirələrini bölüşüblər.

Tədbirin sonunda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa ediblər.

Növbəti tədbir Qax Bilik Evi və Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib. Bilik Evində keçirilən tədbiri kitabxananın müdiri Güllü Əhmədova açaraq belə bir günün təsis edilməsində başlıca məqsədin cəmiyyətdə, xüsusilə gənclərdə əlilliyi olan insanlara diqqət və qayğı ilə yanaşmağı formalaşdırmaqdan ibarət olduğunu deyib.

Bilik Evinin müdiri Rövşən Hədisov isə “Azərbaycanda əlillərə dövlət qayğısı” mövzusunda məruzə ilə çıxış edib. O, ölkəmizdə əlillərin dövlət qayğısı ilə əhatə olunduğunu deyib və onların cəmiyyətə adaptasiyası üçün gerçəkləşən layihələr barədə danışıb.

Sonda hər iki tədbirin qonaqları və iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.