İQTİSADİYYAT
Binaların layihələndirilməsində və tikintisində yeni normalardan istifadə olunmalıdır
Bakı, 26 noyabr (AZƏRTAC). Azərbaycandakı binaların əksəriyyəti köhnə standartlar əsasında tikilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan binalarında enerji səmərəliliyi: texniki yardım və kadr potensialının inkişaf” layihəsinə həsr olunmuş tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov demişdir.
Vurğulanmışdır ki, son zamanlar yeni tikililərin sayının sürətlə artmasına baxmayaraq, ümumilikdə respublikada köhnə tikililər 90 faiz təşkil edir və bu evlərdə enerji itkisi, xüsusilə də istilik enerjisi itkisi normadan çoxdur.
Hazırda istifadə olunan tikinti normaları enerji səmərəliliyi baxımından müasir tələblər səviyyəsində deyildir. Odur ki, bu normativ aktlar dəyişməli, binaların layihələndirilməsində və tikintisində yeni normalardan istifadə olunmalıdır.
Yeni normativlərin qəbulu və tikinti materiallarının tətbiqi enerji itkilərini azı 50 faiz azaltmağa imkan verəcəkdir.