CƏMİYYƏT


Binə qəsəbə sakinlərinin müraciət və təklifləri dinlənilib

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov növbəti görüşünü Xəzər rayonu Binə qəsəbəsinin sakinləri ilə keçirib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı şəhərinin və Xəzər rayonunun bütün təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri iştirak edərək 3 saata yaxın ayaq üstə zala toplaşan 600 nəfərdən çox Binə sakininin müraciət və təkliflərini dinləyiblər.

Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib: “Azərbaycan ciddi şəkildə inkişaf edir. Dünya ölkələri arasında əhəmiyyətli yer tutur və ölkəmizin mövqeyi günbəgün möhkəmlənir. Bu gün Avropada müharibə gedir, Yaxın Şərqdə ciddi problemlər yaşanır, postsovet ölkələrində böhran hökm sürür. Azərbaycanda isə sabitlik qorunub, bütün sahələrdə inkişaf vardır.

İlk dəfə olaraq 200 ildən sonra tarixi nailiyyət əldə etdik, düşmənimizi məğlub edərək işğal altında olan torpaqlarımızı azad etdik. Ölkəmizin iqtisadiyyatı inkişaf edir, sabitlik yaranıb, islahatlar aparılır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanı gözəl gələcək gözləyir”.

Eldar Əzizov qeyd edib ki, bu gün dövlətimizin başçısının səyləri ilə Azərbaycan parklar ölkəsinə çevrilib. Təkcə Bakı şəhərində 220 yeni ən müasir parklar yaradılıb. Bütün bunlar Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasətinin nəticəsidir ki, onların da kökündə tarixdə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır.

Sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbəsi üzrə nümayəndəsi Ərəstun Əlisoy qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib.

“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən 30 nəfər qəsəbə sakini Bakı şəhərində, eyni zamanda, Binə qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin çəkilməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, nəqliyyat, məşğulluq, dayanacaqlarda ödəmə terminallarının quraşdırılması və sair olub.

Görüş zamanı sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Bütün müraciət və təkliflər nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.