İQTİSADİYYAT
Binə qəsəbəsində sosial obyektlərin tikintisi sahəsində ardıcıl tədbirlər görülür
Bakı, 3 yanvar (AZƏRTAC). “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Xəzər rayonunun Binə qəsəbəsində təhsil və səhiyyə ocaqlarının tikintisi və əsaslı təmiri istiqamətində tədbirlər görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, qəsəbə ərazisində yerləşən 66 nömrəli uşaq bağçası artıq tam təmir olunmuş, mebel və lazımi avadanlıqlarla təchiz edilmişdir. Burada müasir tələblərə cavab verən mətbəx və uşaq camaşırxanası fəaliyyət göstərəcəkdir. Bağçanın həyətində yaşıllıq salınmış, abadlıq işləri aparılmışdır.
Bağça yaxın günlərdə istifadəyə veriləcəkdir.
Qəsəbədə həmçinin 120 nömrəli orta məktəb üçün yeni korpus tikilir. İki mərtəbəli binanın 1-ci və 2-ci mərtəbələri arıq tikilmiş, dam örütyü vurulmuşdur. Korpusun daxili və fasad hissəsinin suvağı vurulmuş, pəncərələr qoyulmuşdur. İçəridə elektrik, istilik və sanitar sistemlər quraşdırılır. Obyektin 2013-cü ildə təhvil verilməsi planlaşdırılmışdır.
Bundan başqa, Binə qəsəbəsində baytarlıq məntəqəsinin tikintisi üzrə işlər davam etdirilir. Məntəqənin daş hasarı tikilmiş, dam örtüyü vurulmuşdur. İnzibati binasının qapı və pəncərələri qoyulmuş, fasadı malalanmışdır.
Hazırda sanitar qovşağının çəkilməsi ilə bağlı işlərə başlanmışdır. Məntəqənin şöbələri xarici avadanlıqla təchiz olunacaqdır.