CƏMİYYƏT
Binə qəsəbəsində yeddi evdən oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Xəzər rayonunun Binə qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zərərçəkən Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan T.Baradov qısa zamanda saxlanılıb. Polis şöbəsində araşdırma aparılan zaman onun Binə qəsəbəsində əlavə olaraq altı evdən oğurluq etdiyi müəyyənləşdirilib. 3-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıblar.
Əməliyyat zamanı paytaxt sakini Ruslan Melnik tutulub. Onun üzərindən bir büküm narkotik vasitə olan heroin aşkarlanıb. Həmin şəxs ifadəsində narkotik vasitələri Binə qəsəbəsində Zahir və Mahmud adlı şəxslərdən aldığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirilən növbəti əməliyyat zamanı Binədə narkotiklərin satışı ilə məşğul olan Zahir Əmralıyev və Mahmud Dəmirçiyev tutulublar. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.