İQTİSADİYYAT
Binə sakinlərinin istifadəsinə 20 yeni avtobus verilir YENİLƏNİB VİDEO
Bakı, 29 dekabr, AZƏRTAC
“Çinar-Trans” MMC tərəfindən Türkiyə istehsalı olan 20 ədəd avtobus Bakıya gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, paytaxtda avtobus parkının yenilənməsi ilə əlaqədar mühüm tədbirlər həyata keçirilməkdədir. Gətirilən yeni avtobuslar dekabrın 30-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə Binə qəsəbəsinin sakinlərinin istifadəsinə veriləcək. Binə qəsəbəsində 1 il bundan əvvəl avtobuslar yenilənib. Lakin sərnişin tələbatına uyğun olmadığından daha iritutumlu 12 metrlik avtobuslar gətirilib. Avtobuslardan fiziki imkanları məhdud sərnişinlərin də istifadəsi üçün hər bir şərait yaradılıb.
M.Ağayev qeyd edib ki, “BakıKart” sisteminə inteqrasiyasını gecikdirən amillərdən biri də avtobus parkının yenilənməsidir. Daşıyıcılar və dövlət tərəfindən avtobusların gətirilməsi işi sürətlə aparılır. 2020-ci il yanvarın 10-dan başlayaraq avtobuslar mərhələli şəkildə “BakıKart” sisteminə keçid edəcək. Bununla da mərkəzləşdirilmiş dispetçer xidməti də istifadəyə veriləcək.