DÜNYA
Binəli Yıldırım: İstanbuldakı boğaz körpüsünün adı “15 İyul Şəhidləri” olaraq dəyişdirilib
Bakı, 26 iyul, AZƏRTAC
Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhd zamanı İstanbulda qiyamçıların ilk hədəfi olan və vətəndaşlarımızın şəhid edildiyi Boğaziçi körpüsünün adının “15 Temmuz (İyul) Şəhidləri” körpüsü olaraq dəyişdirilməsi qərara alınıb. Bundan başqa, İstanbulda və Ankarada şəhidlərin xatirəsinə abidələrin inşası ilə bağlı da qərar qəbul olunub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında deyib.
Baş nazir dövlət başçısının siyasi partiyaların liderləri ilə görüşündə mövcud vəziyyətin aradan qaldırılması ilə bağlı razılıq əsasında Konstitusiyada cüzi dəyişikliklərin edilə biləcəyini vurğulayıb. Qeyd edib ki, bu dəyişikliyin əsaslarını hazırlamaq üçün birgə çalışacağıq.
İclasda mühüm qərarların qəbul edildiyini diqqətə çatdıran B.Yıldırım Jandarm Qüvvələri Baş Komandanlığının və Sahil Mühafizəsi Komandanlığının Daxili İşlər Nazirliyinin tabeliyinə verildiyini qeyd edib.
Baş nazir dövlət çevrilişinə cəhddə iştirak edənlərin müəyyənləşdirilərək layiqli cəzalarını alacaqlarını vurğulayaraq deyib: “Bu işdə əli olanların müəyyənləşməsi corab söküyü kimi ortaya çıxır. Hamısı bir-birini ələ verir. Nəticədə bu işdə kimin əli varsa, qanun qarşısında cavab verəcək və layiqli cəzasını alacaq”.
Ali Hərbi Şuranın nəzərdə tutulan toplantısı barədə də məlumat verən B.Yıldırım bildirib: “Şuranın iclası cümə axşamı günü Nazirlər Kabinetində keçiriləcək ki, bu da bir ilkdir. Bildiyiniz kimi, Şuranın sədri Baş nazirdir. Bütün işlərimizi bir gündə başa çatdıracağıq və qəbul etdiyimiz qərarları ertəsi gün Prezidentin təsdiqi üçün təqdim edəcəyik”.