CƏMİYYƏT
Binəqədi Gənclər Evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan tədbirlər keçirilib
Bakı, 11 may, AZƏRTAC
Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan, “Sən elə bir zirvəsən” adlı musiqili-bədii tədbir, “Öndərin yolu” filmi, “Məktəblilərarası şahmat” turniri, “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Məktəblilərarası voleybol” çempionatı, “Futbol” çempionatı, “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda inşa və onlayn formatda videomüsabiqə keçirilib.
Binəqədi Gənclər Evindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və 230-dan çox gənc iştirak edib.
Tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, ümummilli lider Heydər
Əliyev bütün ömrünü Azərbaycana həsr edib. Müasir müstəqil Azərbaycan tarixinin qızıl səhifələrini yazıb, qurtuluş, inkişaf, milli
tərəqqi salnaməsini açıb. Ulu öndər Heydər Əliyev Azərbaycanın taleyində həm də saysız-hesabsız müsbət istisnaların müəllifi, milli dövlətçiliyimizin simvolu, müstəqilliyimizin banisidir.