CƏMİYYƏT
Binəqədi Gənclər evində “Şiddətə yox” adlı tədbir təşkil olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Binəqədi rayon Gənclər evində “Şiddətə yox” adlı tədbir reallaşdırıb.
İttifaqdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov çıxışında ailənin hər bir cəmiyyətin əsasını təşkil etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanda aparılan uğurlu gender siyasəti nəticəsində respublikamızda ailədaxili zorakılıq və şiddət halları digər ölkələrlə müqayisədə dəfələrlə azdır.
ATGTİ-nin departament direktoru Hüseyn Babayev, Binəqədi rayon Gənclər evinin əməkdaşı Mahmud Məmmədzadə və layihə rəhbəri Almaz Əliyeva ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasının və təmin olunmasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın Konstitusiyasında prioritet istiqamətlərdən olduğunu, dövlət siyasətinin diqqət mərkəzində saxlanıldığını bildiriblər. Bu siyasətin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırıldığı diqqətə çatdırılıb.
Çıxışlardan sonra tədbir tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.
Tədbir ATGTİ-nin bir qrup fəal gəncinin müxtəlif səhnəciklər nümayiş etdirmələri ilə başa çatıb.