CƏMİYYƏT
Binəqədi Gənclər evində növbəti təlimlər təşkil olunub
Bakı, 6 fevral, AZƏRTAC
UNİCEF-in, Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun tərəfdaşlığı ilə reallaşdırılan “Azərbaycan Hökuməti və BMT-nin gənclər üçün birgə xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Binəqədi Gənclər evində təlimlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, proqramın məqsədi Gənclər evlərinin, Gənclərin İnkişaf və Karyera mərkəzlərinin fəaliyyətlərini gücləndirmək, gənclər üçün təklif olunan xidmətlərin növlərini və keyfiyyətini artırmaqdır.
Proqramın fəaliyyət istiqamətlərindən biri kimi təhsil sahəsində ixtisaslaşan “Education HUB” tərəfindən icra olunan “Yarat... İnkişaf Et... Töhfə ver...” layihəsi çərçivəsində təlimlərdə gənclər layihələrin reallaşdırılması, fərqli incəsənət vasitələrindən istifadə etməklə ekologiyanın mühafizəsi, gənclərin düzgün ixtisas seçimi, milli dəyərlərin müasir üslubda təbliği və s. mövzularda maarifləndirilib, müxtəlif sosial layihələr hazırlayıblar. Layihənin iştirakçıları mart ayından etibarən mentorların dəstəyi ilə layihələrin icrasına başlayacaqlar.
“Yarat... İnkişaf Et... Töhfə Ver...” layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəallığını artırmaq, onlara yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, gəncləri sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.