CƏMİYYƏT
Binəqədi, Goranboy, Füzuli, Astara, Siyəzən və Tərtər rayonlarında Gənclər evlərinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edilir
Bakı, 11 yanvar, AZƏRTAC
Gənclər və İdman Nazirliyi Binəqədi, Goranboy, Füzuli, Astara, Siyəzən və Tərtər rayonlarında Gənclər Evi sosial xidmət müəssisələrinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edir.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, Gənclər Evinin direktoru vəzifəsinə ali təhsilli, iki ili gənclərlə iş sahəsində olmaqla, ümumilikdə üç il iş stajına sahib olan, minimum bir xarici dil bilən 35 yaşadək şəxslər müraciət edə bilərlər.
Müraciət zamanı fotolu CV (CV-də iddia edilən vəzifənin adı qeyd olunmalıdır), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətləri təqdim olunmalıdır. Sənədlər yanvarın 12-dən 25-dək elektron formada Gənclər və İdman Nazirliyinin [email protected] ünvanına göndərilməlidir. Müraciət olunan vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir.
Namizədlərin elektron poçt ünvanına müraciətlərinin qeydə alınmasına dair bildiriş göndərilir. Bütün müraciətlər nəzərdən keçirildikdən sonra yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Ünvan: Bakı, AZ1072, Olimpiya küçəsi, 4.