CƏMİYYƏT
8 saylı Binəqədi I seçki dairəsi dairə seçki komissiyasında üçgünlük ixtisaslaşdırılmış kurslara başlanılıb
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da 8 saylı Binəqədi I seçki dairəsi dairə seçki komissiyasında seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kurslara başlanılıb.
AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən keçirilir.
Kursların açılışında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov seçici siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması məsələlərinə dair məruzə ilə çıxış edib. O bildirib ki, ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Artıq Binəqədi rayonu üzrə seçkilərə hazırlıqla bağlı işlərə başlanılıb. Aparılan hazırlıq işləri deməyə əsas verir ki, aprelin 11-də prezident seçkiləri yüksək səviyyədə keçiriləcək. Məntəqələrin maddi-texniki təchizatında heç bir problem yoxdur.
Sonra rayon məhkəməsinin hakimi Mirheydər Zeynalov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” mövzusunda məruzə ilə çıxış edib.
Seçki dairəsi üzrə 39 seçki məntəqəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran dairə seçki komissiyasının sədri Natiq Əliyev deyib ki, seçki dairəsi üzrə seçici sayı 47 min 840-dır. Seçicilərin 46 faizini kişilər, 54 faizini isə qadınlar təşkil edir. Seçki dairəsi üzrə 100 yaşdan yuxarı bir seçici qeydə alınıb.
Natiq Əliyev bildirib ki, seçki dairəsi üzrə bütün seçki məntəqələri Mərkəzi Seçki Komissiyası tərəfindən zəruri avadanlıqla təchiz edilib. Dairə ərazisində namizədlərin təbliğat və təşviqatı üzrə münbit şərait mövcuddur. Seçicilərin rahat, sərbəst şəkildə səs vermələri üçün seçki dairəsi üzrə bir neçə seçki məntəqəsinin dislokasiyasında əlavə və dəyişikliklər edilib. Rayon icra hakimiyyətinin tapşırığına əsasən artıq dairə seçki komissiyaları və seçki məntəqələrinə yaxın ərazilərdə istiqamətverici nişanların vurulmasına başlanılıb.
Daha sonra “Seçici siyahıları ilə iş qaydası” mövzusunda seminar keçirilib.
Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.