İQTİSADİYYAT
Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi yekunlaşır VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Binəqədi-Novxanı-Corat yolunun tikintisi artıq yekunlaşmaq üzrədir, yolboyu son tamamlanma işləri görülür.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC–nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 2 gediş və 2 gəlişli, 4 hərəkət zolağından ibarət yol layihəyə uyğun olaraq 12 metrə qədər genişləndirilib.
Bundan əlavə, 14 kilometr uzunluğunda olan avtomobil yolunun 8 kilometrlik Binəqədi və Novxanı qəsəbələrini birləşdirən hissəsi artıq tam şəkildə yenidən qurularaq sürücülərin istifadəsinə verilib. Ümumilikdə yolun sözügedən hissəsinin təqribən 100 min kvadratmetr sahəsinə 2 və 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Ərazinin Binəqədi qəsəbəsindən keçən 1,2 kilometrlik hissəsində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.
Qeyd olunub ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun Novxanı qəsəbəsindən keçən qalan 6 kilometrlik hissəsində aparılan təmir-tikinti işləri isə son mərhələdədir. Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının bərkitmə işləri aparılıb. Bundan öncə isə bu hissədə yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri yekunlaşdırılıb.
Hazırda ərazi boyu piyada səkilərinin tikintisi, yeni səki daşlarının düzülməsi və asfalt-beton örtüyünün sonuncu layının döşənməsi işləri aparılır ki, bu işlər də tamamlanmaq üzrədir. Ümumilikdə layihə boyu 150 min kvadratmetrdən çox əraziyə 2 və 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Layihə çərçivəsində yolun 1,3-cü kilometrində, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. Bundan başqa, Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülər də əsaslı şəkildə yenidən qurularaq eni 12,5 metrədək genişləndirilib, kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün bir neçə yerdə xüsusi boruların quraşdırılması işləri aparılıb.
İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.