İQTİSADİYYAT


Binəqədi qəsəbəsində 4 küçədə təmir işlərinə başlanılıb

Bakı, 5 avqust, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Binəqədi rayonunun Binəqədi qəsəbəsi üzrə 5,5 kilometr küçə və yolun təmiri nəzərdə tutulub. Hazırda bu istiqamətdə təmir işlərinin qəsəbənin ümumi uzunluğu 2,4 kilometr olan Əliheydər Qarayev, Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələrində aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmirinə başlanılan küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Hazırda Əliheydər Qarayev küçəsində yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Bundan öncə aparılan təmir işləri çərçivəsində zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.

İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələrində də davam etdiriləcək.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır. Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.