İQTİSADİYYAT


Binəqədi qəsəbəsində yeni içməli su şəbəkəsinin yaradılmasına başlanılıb

Bakı, 6 oktyabr, AZƏRTAC

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlayıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, dövlət investisiyası hesabına icra olunan layihə çərçivəsində Binəqədi qəsəbəsi “4-cü qapı” adlanan ərazidə yaradılan yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi 700-dək ailəni dayanıqlı içməli su ilə təmin edəcək.

Binəqədi qəsəbəsi “4-cü qapı” adlanan yaşayış massivində indiyədək mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi mövcud olmayıb. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib və həmin xətlər də tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Fərdi şəbəkələrdə tez-tez baş verən qəzalar sistemdə sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradır. Şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu maşınlarla əldə edib.

Pərakəndə çəkilmiş su xətlərinin ləğv edilməsi, su itkilərinin minimuma endirilməsi və istehlakçıların su təminatının yaxşılaşdırılması məqsədilə icra olunan yeni layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən fərdi su xətləri ləğv olunur, müxtəlif diametrli borularla 7,6 kilometr uzunluğunda içməli su şəbəkəsi yaradılır. Layihənin əhatə etdiyi ərazidə 700-dək fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq, hər bir abonent sayğacla təmin olunacaq. Layihə üzrə işlərin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur sakinlərin dayanıqlı içməli su ilə təminatına imkan verəcək, dəqiq uçot qurulacaq, su itkilərinin qarşısı alınacaq.

Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən dövlət investisiyası hesabına Binəqədi qəsəbəsi ilə yanaşı, Sabunçu, Zabrat, Mərdəkan və Qala qəsəbələrində layihələrin icrası davam etdirilir. Bu layihələr çərçivəsində həmin qəsəbələrdə yeni mərkəzləşdirilmiş içməli su şəbəkələri yaradılır, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.