İQTİSADİYYAT
Binəqədi rayonu Cəfər Xəndan küçəsinin bir hissəsi təmir edilib VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən hissəsi “Azəravtoyol” ASC tərəfindən təmir olunub. Təmir olunan hissənin uzunluğu 700 metr, eni isə 9 metrdir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Sözügedən hissədə yeni yeraltı su və qaz xətləri çəkilib, digər mövcud xətlər isə bərpa olunub. Bundan başqa, cəmiyyət tərəfindən səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılmasını təmin etmək üçün yeni yağış-kanalizasiya sistemi də yaradılıb. Bütün bu işlər isə öz növbəsində gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.
Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb və yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə küçənin təqribən 6 min 300 kvadratmetr ərazisi asfaltlanıb. Küçə boyu 1400 poqonmetr köhnə səki daşı yenisi ilə əvəz olunub.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cızgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.