İQTİSADİYYAT


Binəqədi rayonunda 2014-cü ilin yekunları müzakirə edilib

Bakı, 13 fevral, AZƏRTAC

Binəqədi rayonunda 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, yığıncaq Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, Binəqədidə həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, ümumiyyətlə rayon icra hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb.

Hesabat məruzəsi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Binəqədinin sosial-iqtisadi həyatında da 2014-cü il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə edildiyini deyib. Məruzədə rayonun həyatında əlamətdar hadisə və hesabat dövründə əldə olunan nailiyyətləri stimullaşdıran hal kimi ölkə başçısının ötən il ərzində Binəqədi rayonuna yeddi dəfə səfər etdiyi vurğulanıb.

Bildirilib ki, hesabat dövründə milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olub.

Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində 2014-cü il iyulun 1-dən “Təmiz Binəqədi” sosial layihəsinin uğurla reallaşdırılması məqsədilə təbliğat və maarifləndirmə işlərinin təşkili istiqamətində ardıcıl tədbirlər keçirilib.

Hesabat dövründə icra hakimiyyətləri tərəfindən vətəndaşlara göstərilən, o cümlədən elektron göstərilməsi nəzərdə tutulan xidmətlərin siyahısı dövlət reyestrinə daxil edilmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim olunub. Binəqədi Rayon İcra Hakimiyyətinin vətəndaşlara göstərdiyi 16 təsnifat üzrə 21 xidmətin siyahısı aidiyyəti üzrə təqdim olunub və bu xidmətlərin elektron göstərilməsi üzrə işlər davam etdirilir.

Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, bələdiyyənin sədri Sitarə Cabbarlı, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli də çıxış ediblər.

Şura iclasının qərar layihəsinin və yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciətin oxunmasından sonra ötən il KİVDF ilə Binəqədi Rayon İcra Hakimiyyətinin birgə elan etdiyi “Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqədə iştirak edənlərdən 6 nəfərə qalib mükafatları, 19 nəfərə isə həvəsləndirici mükafatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.