İQTİSADİYYAT
Binəqədi rayonunda İbrahimpaşa Dadaşov küçəsi təmir olunur
Bakı, 7 aprel, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə Bakıda aparılan kompleks tədbirlər çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Binəqədi rayonu ərazisindəki İbrahimpaşa Dadaşov küçəsinin təmiri işlərinə başlanılıb. Təmir olunan küçənin uzunluğu 1 kilometr, eni isə 10 metr təşkil edir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı kənara daşınacaq və yeni asfalt-beton örtüyü döşənəcək. Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanacaq.
Ümumilikdə 10 min kvadratmetrdən çox sahənin asfaltlanması, eləcə də, səkilərin kənarlarına 1500 poqonmetr yeni səki daşının düzülməsi nəzərdə tutulub.
Təmir çərçivəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətiriləcək, yeni yağış barmaqlıqları qoyulacaq, yeraltı kommunikasiya xətləri yenilənəcək. Daha sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.