CƏMİYYƏT
Binəqədi rayonunda avtomobildən və evlərdən pul, qızıl-zinət əşyaları oğurlayan şəxslər yaxalanıblar
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 21-də Binəqədi rayonunda “Hyundai” markalı avtomobildən 500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Mustafayev rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş V.Salamovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 30-da rayondakı evlərin birindən 7 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Soyğunçuluq etdiyinə görə tutulmuş Ə.Göyüşovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun rayondakı evlərin birindən 4900 manat və qızıl-zinət əşyaları oğurlaması da məlum olub.
Faktlarla bağlı araşdırmalar aparılır.