İDMAN


Binəqədi rayonunda birinci Avropa Oyunlarına hazırlıqla bağlı müşavirə keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

Binəqədi rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri” mövzusunda müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı rayonda görülən işlərdən danışıb.

Sonra Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə birgə fəaliyyət istiqamətləri” mövzusunda çıxış edib.

“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri Karin Halifaya və Varren Nathana Oyunların təhlükəsizlik sisteminin yaradılması, bu işdə Azərbaycanın təhlükəsizlik orqanları ilə əməkdaşlıq, eləcə də Binəqədi rayonundakı Bakı Atıcılıq Mərkəzi və Dağ velosipedi yarışları üçün veloparkın müvafiq təhlükəsizlik sistemi daxilində layihələndirilməsi, obyektlərin yerləşdiyi ərazinin coğrafi yerləşməsinin əhəmiyyəti barədə məlumat veriblər.

Tədbirdə Oyunların hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yarışların keçiriləcəyi obyektlərdə, kütləvi istirahət yerlərində və çimərliklərdə ictimai təhlükəsizliyin təşkili, həmin ərazilərdə sanitar təhlükəsizliyin təmin edilməsi, Oyunlar zamanı əhaliyə və rayonun qonaqlarına tibbi xidmətin göstərilməsi, çimərliklərdə aparılan monitorinqlərin nəticələri, dəniz suyunun gigiyenik vəziyyəti mövzuları ətrafında çıxışlar olub.

Tədbirdən sonra ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin nümayəndələri Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.