CƏMİYYƏT
Binəqədi rayonunda ərzaq mağazasında satıcıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Binəqədi rayonunda A.Gəraybəyli küçəsində yerləşən ərzaq mağazasında soyğunçuluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin obyektdə satıcı işləyən qadın polisə müraciət edərək naməlum şəxsin mağazada soyuducunun üzərində olan ona məxsus 220 manat məbləğində pulu götürərək qaçmaq istədiyini bildirib. Satıcı bunu gördükdə isə həmin şəxs onu itələyərək oradan uzaqlaşıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi və post patrul xidməti bölüyü əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Cəfərov tutulub. Həmin şəxsin üzərində axtarış aparılan zaman ondan soyğunçuluq yolu ilə əldə etdiyi pul vəsaitləri maddi sübut kimi aşkarlanıb.
Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Bu şəxsin paytaxt ərazisində digər oxşar cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.