CƏMİYYƏT
Binəqədi rayonunda koronavirus xəstəsi olduğu halda karantin rejimini pozan şəxslə bağlı təhqiqat aparılır
Bakı, 4 dekabr, AZƏRTAC
Xəbər verildiyi kimi, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Binəqədi Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, rayon sakini 1970-ci il təvəllüdlü Soltanova Zinət Səlimxan qızı COVID-19 virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğunu bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, ötən gün rayon sakinləri ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.