CƏMİYYƏT
Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib VİDEO
Bakı, 5 iyul, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin onlayn yolla satışı ilə məşğul olan Sadiq Kərimov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərindən 100 qram heroin və metamfetamin aşkarlanıb. S.Kərimov izahatında narkotikləri sosial şəbəkələrdə satmaq məqsədilə tanışı Gülər Abdullayevadan aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq, G.Abdullayeva da tutularaq istintaqa təqdim edilib. Onun Binəqədi və Nizami rayonlarında kirayə yaşadığı evlərdən isə 500 qrama yaxın heroin, marixuana və metamfetamin aşkar olunub. Həmin şəxs izahatında narkotikləri sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından aldığını bildirib.
Rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər silsilə əməliyyatlar zamanı son 30 gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 18 nəfər saxlanılıb. Onlardan külli miqdardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Eyni polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş digər uğurlu əməliyyat zaman Binəqədi rayonunda iki nəfərə qarşı kəsici alətdən istifadə etməklə quldurluq edən və zərərçəkənlərin mobil telefonlarını, eləcə də pulunu alan dəstə üzvləri saxlanılıblar. Əməliyyat nəticəsində qeyd olunan hadisələri törətməkdə şübhəli bilinən Məhəmməd İmanov, Fəyyaz Yarıyev və İlkin Eldaroğlu tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslər ifadələrində törətdikləri cinayətləri etiraf ediblər.
Faktlarla bağlı 5-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanun pozuntusuna yol verən şəxslərin ifşası istiqamətində polis əməkdaşları əməliyyatları davam etdirirlər.