CƏMİYYƏT
Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin satışı, həmçinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Babayev və tanışı Anara Ağayeva saxlanılıblar. E.Babayevin üzərində şəxsi axtarış aparılan zaman ondan 2 qrama yaxın heroin və 1 qram psixotrop maddə metamfetamin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq hər iki şəxsin birgə yaşadığı mənzilində aparılan axtarış zamanı Elman Babayevdən 2 kiloqram 460 qram heroin, Anara Ağayevadan isə 940 qram metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər adı istintaqa məlum olmayan qonşu ölkələrdən birində yaşayan “Məhəmməd” adlı bir nəfərin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Sumqayıt şəhərində qəbul ediblər və satışını təşkil etmək istəyiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, həmin şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.